اگر ایستهسن...بیر گون قارانلیق گئجه سنی داریخدیرسا، ایشیق ایستهسن گؤزومون ایشیغینی ایسته، وئرهرم! من كی، سنسیز هئچ نه گؤرمورهم. بلكه كور اولدوغومو اوندان سونرا بیلهم.
خاطرهلر اولار ال آغاجیم، اگر ایستهسن...
یالقیزلیق بیر گون سنی اوشوتسه، قورخما، اورهییمی ایسته. وئررهم اورییمی اودویلا، آتشیله. سویویارام، پاییز یارپاغی كیمی قورویارام، اومودسوز-اومودسوز اسهرم.
بلكه اوندا یالقیزلیغیملا باریشام.... بیر گون ساكیت حیاتیندان یورولوب سئوینج، گولوش ایستهسن-دایانمارام، یانینا اوچارام قانادلی قوش كیمی. دوداقلارینا تاپشیرارام بیر عؤمرومون شلاله سئوینجینی. سونرا ساكیت آخان چای كیمی سوسارام. كدر كولك كیمی قانادلاریمی سیندیرسا دا نه قم، سن كی سئوینجیمله قم بیلمیرسن. بو منه بسدیر...محبت باغچاسیندا بولبولو ائشیتمك ایستهسن، تلسمه. اورهییمده محبتیمین یانیقلی لایلاسی وار. دوداقلاریمدا هزین-هزین سسی وار. بولبول ائشیتسه آغلایار. سنه باغیشلایارام محبتیمین سسینی.
بلكه اوندا لال اوللام، كدرلی ماهنیلار اوخوماغی اونودارام...
بیر گون اینسافا گلسن مندن خاطره ایسته. سنسیز كئچهن گونلریمی كیتاب كیمی ورقلهسن حالیما یانارسان. بیر گون اؤز عدالت تاختینا چیخیب منی حقیقت كیمی چاغیرسان. بیر اینصافلی گونونده منی حیاتا قایتارارسان، قودرتینه ایناندیرارسان، اگر ایستهسن...مندن حیاتیمی ایسته، سنیندیر. یول آیریجیندا تلهسیب دسمال ایستهمه، اونسوز دا نمدیر. منه اؤلوم دیله، آیریلماق دئمه...بیر گون منسیز قالاجاقسان. سنسیز قالاجاغام دئمهیه گلمیر دیلیم!
Əgər istəsən...Bir gün qaranlıq gecə səni darıxdırsa ,işıq istəsən gözümün işığını istə, verərəm! Mən ki, sənsiz heç nə görmürəm. Bəlkə kor olduğumu ondan sonra biləm.
Xatirələr olar əl ağacım, əgər istəsən...
Yalqızlıq bir gün səni üşütsə, qorxma, ürəyimi istə. Verərəm ürəyimi oduyla, atəşiylə. Soyuyaram, payız yarpağı kimi quruyaram, ümidsiz-ümidsiz əsərəm.
Bəlkə onda yalqızlığımla barışam.... Bir gün sakit həyatından yorulub sevinc, gülüş istəsən-dayanmaram, yanına uçaram qanadlı quş kimi. Dodaqlarına tapşıraram bir ömrümün şəlalə sevincini. Sonra sakit axan çay kimi susaram. Kədər külək kimi qanadlarımı sındırsa da nə qəm, sən ki sevincimlə qəm bilmirsən. Bu mənə bəsdir...Məhəbbət bağçasında bülbülü eşitmək istəsən, tələsmə. Ürəyimdə məhəbbətimin yanıqlı laylası var. Dodaqlarımda həzin-həzin səsi var. Bülbül eşitsə ağlayar. Sənə bağişlayaram məhəbbətimin səsini.
Bəlkə onda lal ollam, kədərli mahnılar oxumağı unudaram...
Bir gün insafa gəlsən məndən xatirə istə.Sənsiz keçən günlərimi kitab kimi vərəqləsən halıma yanarsan.Bir gün öz ədalət taxtına çıxıb məni həqiqət kimi çağırarsan.Bir insaflı günündə məni həyata qaytararsan, qüdrətinə inandırarsan, əgər istəsən...Məndən həyatımı istə, sənindir. Yol ayrıcında tələsib dəsmal istəmə, onsuz da nəmdir. Mənə ölüm dilə, ayrılmaq demə...Bir gün mənsiz qalacaqsan.Sənsiz qalacağam deməyə gəlmir dilim! !
+0 بهین