Günəşi İçənlərin Türküsü
Bu bir türkü:-
torpaq çanaqlarda
günəşi içənlərin türküsü!
Bu bir hörgü:-
alov bir saç hörgüsü!
qıvrılır;
qanlı; qırmızı bir məşəl kimi yanır
əsmər alınlarında
mis ayaqları çılpaq qəhrəmanların!
Mən də gördüm o qəhrəmanları,
mən də qucaqladım o hörgünü,
mən də onlarla
günəşə gedən
körpüdən
keçdim!
Mən də içdim torpaq çanaqlarda günəşi.
Mən də söylədim o türkünü!
Ürəyimiz torpaqdan aldı sürətini;
qızıl yallı aslanların ağızını
yırtaraq
gərnəşdik!
Sıçradıq;
şimşəkli küləyə mindik!.
Qayalardan
qayalarla qopan qartallar
çırpır işıqda zərlənən qanadlarını.
Alov biləkli süvarilər qamçılayır
şaha qalxan atlarını!
Axın var
günəşə axın!
Günəşi zəbt edəcəyik
günəşin zəbti yaxın!
Düşməsin bizimlə yola:
evində ağlayanların
göz yaşlarını
boyunda ağır bir
zəncir
kimi daşıyanlar!
Buraxsın arxamızı
öz ürəyinin qabığında yaşayanlar!
İşdə:
bu günəşdən
düşən
atəşdə
milyonlarla qırmızı ürək yanır!
Sən də çıxar
sinəsinin qəfəsindən ürəyini;
bu günəşdən
düşən
atəşə at;
ürəyini ürəklərimizin yanına at!
Axın var
günəşə axın!
Günəşi zəbt edəcəyik
günəşin zəbti yaxın!
Biz torpaqdan, atəşdən, sudan, dəmirdən doğulduq!
Günəşi əmizdirir uşaqlarımıza arvadımız,
torpaq iy verir mis saqqallarımız!
Sevincimiz isti!
qan qədər isti,
cavanların yuxularında yanan
" o an"
qədər isti!
Nərdivanlarımızın çəngəlini ulduzlara asaraq,
ölülərimizin başlarına basaraq
yüksəlirik
günəşə doğru!
Ölənlər
döyüşərək öldülər;
günəşə basdırıldılar.
Vaxtımız yox onların matəmini tutmağa!
Axın var
günəşə axın!
Günəşi zaaaptedeceğiz
günəşin zəbti yaxın!
Üzümləri qan damlalı qırmızı bağlar tüstüləyir!
Qalın kərpic bacalar
qıvrılaraq
ötür!
Qışqırdı ən qabaqda gedən,
əmr edən!
Bu səs!
Bu səsin qüvvəti,
bu qüvvət
yaralı aç qurdların gözlərinə pərdə
vuran,
onları olduqları yerdə
dayandıran
qüvvət!
Əmr et ki ölək
əmr et!
Günəşi içirik səsində!
Coşuruq,
coşur!..
Yanğınlı üfüqlərin tüstü pərdəsində
mizraqları göyü cıran atlılar qaçır!
Axın var
günəşə axın!
Günəşi zaaaaptedeceğiz
günəşin zəbti yaxın!
Torpaq mis
göy mis.
Qışqır günəşi içənlərin türküsünü,
Qış-qır
Qışqıraq!
1924